Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkə xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Elbasının rəsmi saytında məlumat verilib.
Novruz təbriklərini çatdıran Nursultan Nazarbayevin sözlərinə görə, bu bayram dostluğun, birliyin, sabitliyin rəmzidir: "Zamanların və nəsillərin ayrılmaz əlaqəsini təcəssüm etdirən Novruz bayramı qazax xalqının mədəniyyətinin və adət-ənənələrinin böyüklüyünü əks etdirir, bizə əbədi dəyərlərin - xeyirxahlıq, mərhəmət və qarşılıqlı yardımın vacibliyini xatırladır.
Bu mübarək bayram dünyada baş verən hadisələr fonunda xüsusi dəyər qazanır. Bu, cəmiyyətdə harmoniyaya dəyər verməyin, çoxmillətli dövlətimizdə dinc və sakit həyatı qorumağın nə qədər vacib olduğunu anlamağa kömək edir.
Bahar bayramı yeniləşmə və quruculuq bayramı kimi bizə ümid, güc verir və Vətənin rifahı naminə yeni nailiyyətlər üçün qəlbimizi enerji ilə doldurur".
Nazarbayev sonda sağlamlıq, xoşbəxtlik və firavanlıqla bağlı ən səmimi arzularının qəbul olunmasını diləyib.