Mixail Saakaşvili: “Onlar Rusiyanın sifarişlərini yerinə yetirir”
Gürcüstan ərazi bütövlüyü probleminin həlli üçün münasib vaxtı əldən verib.
Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib. O, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilini və mövcud hakimiyyəti rusiyameyilli siyasət həyata keçirməkdə ittiham edib: “Rusiya ilə münasibətlərə unikal yanaşma səriştəsizlikdir. Onlar Rusiyanın sifarişlərini yerinə yetirib, vətənə xəyanət edirlər. 2008-ci il avqust müharibəsindən sonra Moskva birtərəfli qaydada Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Gürcüstan isə buna cavab olaraq, parlamentin qərarı ilə Rusiya ilə diplomatik münasibətləri kəsib. 2012-ci ilin oktyabrında hakimiyyətə gələn yeni hökumət nümayəndələri isə Rusiya ilə münasibətlərin normallaşmasını xarici siyasətin əsas prioritet məsələsi adlandırıb”.
Qeyd edək ki, 2013-ci ilin noyabrında ölkənin yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimindən dərhal sonra Saakaşvili Gürcüstanı tərk edib. Ona qarşı xidməti səlahiyyətlərini aşmaq, dövlətə məxsus pulu mənimsəmək və Gürcüstan parlamentinin deputatı Valeri Gelaşvilinin döyülməsi ilə bağlı ittihamlar irəli sürülərək, barəsində axtarış elan olunub.
Samir