7 May 2014 16:08
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

1998-ci ildə ABŞ prezidenti Bill Klinton ilə yaşadığı seks qalmaqalı ilə dünya gündəminə gələn Monika Levinski illər sonra həmin günlərə qayıdıb.

“Vanity Fair” jurnalına yazdığı məqalədə susqunluğunu ilk dəfə pozan Levinski, "Prezident Klinton ilə aramda yaşananlara görə dərin peşmanlıq duyuram", - deyib.

Levinski hadisələrə yeni nöqteyi-nəzərdən baxmaq üçün bu addımı atdığını qeyd edib.

"Bu məqalədə yaşananların bir də mənim baxışımla görülməsini istədim. İctimaiyyətdə şəxsən mənə qarşı aparılan qara piar kampaniyası hələ də davam edir. Hara getsəm, insanlar məni tanıyırlar", - deyə, Levinski bildirib.

Ağ Evdə təcrübə keçərkən Levinski 20 yaşında olub. O, prezident Klinton ilə aralarındakı əlaqədə hər iki tərəfin də razılığının olduğunu söyləsə də, Klintonun ondan istifadə etdiyini bildirib.

Eks prezidentin keçmiş sevgilisi həm də bildirib ki, gənc bir qız olduğu halda, hadisələr ictimailəşəndən sonra ona sanki bir damğa vuruldu. "Çox böyük güclərin vurduğu damğa izlərini hələ daşıyıram", - deyə o, müsahibədə qeyd edib.

Levinskinin sözlərinə görə, damğa yükünü daşıya bilmədiyi və bu səbəbdən intihar etmək istədiyi vaxtlar da olub: “Mənə qarşı aparılan siyasət məni məhv edirdi. Özümü tanıya bilmirdim. Özümü o dərəcədə alçalmış hiss edirdim ki, intihar etməyi belə planlaşdırırdım”.

Qeyd edək ki, 2016-cı ildə Prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olan Hillari Klintona qarşı bu qalmaqaldan istifadə etmək planlaşdırılır.

Ülviyyə


Müəllif: