Ruslar Ukraynanın Sumı bölgəsində sərhədi keçə bilməyiblər, amma atəş davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Sumı regional hərbi idarəsinin rəisi Dmitri Jivitski məlumat verib.
O, rus ordusunun Sumı vilayətində dövlət sərhədində irəliləyə bilmədiyini deyib.
“Şostka rayonundakı vəziyyətlə bağlı yenilənmiş məlumat budur ki, dövlət sərhədində heç bir irəliləyiş qeydə alınmayıb. Bununla belə, Rusiyadan təxribat xarakterli atəşlər davam edir”, - Jivitski söyləyib.
Bundan əvvəl regional idarənin rəisi bildirmişdi ki, Şostka rayonunun şimalında döyüşlər gedir, rus işğalçıları sərhədi keçməyə çalışır.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, rus ordusu dünən bölgəyə daxil olmağa cəhd edib. Sərhədçilər diversantlara qarşı döyüşərək onları dövlət sərhədindən kənara çəkilməyə məcbur ediblər.