Hazırda işğalçı Rusiyanın əsas məqsədi Luqansk və Donetsk vilayətlərinin coğrafi sərhədlərinə çatmaq və Ukraynanı dənizlərə çıxışdan məhrum etməkdir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“Putindən Donetsk və Luqansk vilayətlərinin coğrafi sərhədlərinə çatmaq, daha sonra cənuba və şərqə doğru hərəkət etmək əmri var. Onların vəzifəsi bizi iki dənizə çıxışdan məhrum etməkdir. Əslində artıq Azov dənizi və onun ətrafındakı müvəqqəti işğal olunmuş ərazilərlə bağlı problemlər var. İndi də bizi Qara dənizə çıxışdan məhrum etməyi qarşılarına məqsəd qoyublar”, - Malyar bildirib.
Onun sözlərinə görə, bu gün əsas döyüşlər bu iki məqsədlə şərqdə gedir:
“Rus qoşunkarının birinci məqsədi Luqansk vilayətinə tam nəzarəti ələ keçirmək, ikinci məqsədi isə Ukrayna qüvvələrini mühasirəyə almaqdır. Hələlik bunlardan heç birinə nail ola bilməyiblər, amma döyüşlər şiddətli gedir”.
Malyar həmçinin bildirib ki, Rusiya ordusunun indiyədək 30 mindən çox şəxsi heyəti məhv edilib, texnika və silah-sursat baxımından böyük itkilər verib:
“Əslində onların yeni texnikaları tükənib, çünki görürük ki, onlar artıq 60-70-ci illərin köhnə texnikalarını işə salıblar, anbarlardan çıxarırlar”.