5 İyul 2022 09:05
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“II Dünya müharibəsində Hitler ordusu Moskvanın 23 kilometrliyində dayanırdı, Leninqrad tamamilə blokadaya alınmışdı. Elə müharibənin sonuna qədər də belə vəziyyətdə qaldılar və nəticədə məğlub oldular. Demək istəyirəm ki, rus ordusunun hazırda Ukraynada irəli-geri getməsi təbii haldır. Müharibədə belə halların baş verməsini təcrübədən görmüşük. Ukrayna ordusu elan edir ki, onlar mümkün itkilərin qarşısını almaq üçün müəyyən taktiki addımlar atır, bəzən hansısa əraziləri tərk edir və ya rusların önünü kəsmirlər”.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədri əlavə edib ki, Ukrayna ordusu düşünülmüş şəkildə addımlar atır:

“Aydındır ki, Ukrayna ordusuna müasir və güclü silahlar avqustda çatacaq. Hər halda öncədən deyilirdi ki, ABŞ-dan silahlar bir-iki aya gələcək. Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin rəhbəri də bəyan edib ki, avqust ayında ordunun ilk əks-hücum və uğurlarının şahidi olacağıq. ABŞ lazım olan silahları verəndən sonra bu baş verəcək. Yəni az itkilərlə və güclü silahlarla müharibə aparılacaq. İndilikdə rusların Lisiçanski və digər əraziləri tutması ilə heç nə həll edilmir. Əvvəla, tutulan ərazilər tamamilə dağıdılıb. Sabah Ukrayna ordusu oranı tutacaq. Görünən budur ki, əsk-hücum avqustdan başlayacaq, vəziyyət köklü şəkildə dəyişəcək”.

S.Cəlaloğlu xatırladır ki, bu müharibədə aparıcı tərəflərdən biri də Britaniyadır və onun davranışları diqqətlə izlənilməlidir:

“Məsələn, Britaniya Xarici İşlər Nazirliyi açıq elan edir ki, Ukraynanın Rusiya ilə danışıqlara getməsini doğru saymır, çünki indiki şərtlər Ukraynanın xeyrinə deyil. Britaniya qeyd edir ki, şərtlər Ukraynanın xeyrinə olduqda danışıqlara getmək olar. Bu o deməkdir ki, London və Vaşinqton Ukraynaya dəstək verməkdə davam edəcək və müharibəni uzadacaqlar. Rusiyaya müharibənin uzanması sərf etmir. Müharibə uzandıqca Rusiya məğlub olmağa məhkub ediləcək”.


Müəllif: Nemət