5 İyul 2022 13:45
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Financial Times” qəzetində Türkiyənin İsveç, Finlandiya ilə danışıqları və Ukrayna taxılının ixracına dair Qara dənizdəki rolundan bəhs edən məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “əvəzolunmaz müttəfiq” adlandırılıb.

“Ərdoğan qəzəbləndirən, amma əvəzolunmaz müttəfiqdir”, - nəşr yazıb.

“Niyə Türkiyəni NATO-dan çıxarmırıq? Çox gözəl fikir kimi səslənir” kimi cümlələrlə başlayan təhlildə Türkiyənin Finlandiya və İsveçin alyansa üzv olması ilə bağlı etirazlarından əl çəkdiyi, amma bunun yeni şübhələrə yol açdığı bildirilib.

İsveç Türkiyənin istədiyi 73 terrorçunu ekstradisiya etməsə, razılaşmanın parlamentdən keçməyəcəyi diqqətə çatdırılıb. Bu durumun Türkiyənin gələcək böhranlarda necə davranacağına dair şübhələr doğurduğu iddia edilib.

Məqalədə həmçinin qeyd olunub: “NATO Türkiyəsiz daha yaxşı olmazdımı? Qətiyyən yox. Türkiyənin təcrid edilməsi hüquqi baxımdan mümkündür, amma strateji fəlakət olardı”.

Təhlildə Türkiyənin Qara dənizdəki roluna da toxunulub:

“Qara dəniz həm Ukrayna, həm də Rusiya üçün Aralıq dənizi və daha geniş dünyaya açılan əsas yoldur. Ukrayna taxılı bir gün dünya bazarlarına çıxarılsa, Qara dənizdən keçəcək. Dənizin girişinə Türkiyə nəzarət edir”.

İngilis nəşri Türkiyənin NATO-dan çıxarılmasının isə ciddi problemlər yaradacağını iddia edib:

“Türkiyə NATO-dan çıxarılsa və Rusiyanın faktiki müttəfiqi olarsa, Ukrayna faktiki olaraq dənizə çıxışı olmayan ölkəyə çevriləcək və Rusiya Aralıq dənizinin qapısında dayanacaq”.

Məqalənin davamında aşağıdakı ifadələrə də yer verilib:

“Yaxın Şərqdə təhlükəsizlik balansı da ciddi şəkildə mürəkkəbləşir. Türkiyə 3.7 milyon suriyalı qaçqına ev sahibliyi edir. Bu, Avropa İttifaqına olan təzyiqlərin böyük hissəsini əhatə edən məsələdir.

Rusiyadan fərqli olaraq, Türkiyə Yunanıstan istisna olmaqla NATO-nun qalan hissəsi üçün təhlükəsizliyə təhdid deyil. NATO-nun Rusiya ilə qarşıdurmasının vacibliyini nəzərə alsaq, Türkiyənin bu tərəfdə qalması həmişəkindən daha önəmlidir.

Ərdoğan bunu bilir. Ukrayna müharibəsinin ona verdiyi üstünlükdən istifadə edir. Vəziyyət qəzəbləndiricidir, lakin idarəolunmaz deyil. Türkiyə lideri özünə uyğun gələndə münasibəti dəyişməkdə əla bacarığa malikdir”.


Müəllif: Mənsur Rəğbətoğlu