7 Avqust 2022 17:15
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ötən həftə Tayvana səfəri Pekinin kəskin reaksiyasına səbəb oldu. Çin Xarici İşlər Nazirliyi Pelosinin təyyarəsi Tayvana endikdən dərhal sonra verdiyi açıqlamada səfəri pislədiyini söylədi, Müdafiə Nazirliyi isə ada ətrafında irimiqyaslı hərbi təlimlərə başlayacağını bildirdi.

Teleqraf.com xəbər verir ki, bu gəlişmələrdən sonra Tayvan və ABŞ-ın geri addım atmamasından sonra Çin Sakit okean səmasında döyüş təyyarələrini havaya qaldırıb.

Çin ordusu Amerika rəsmisinin səfərindən dərhal sonra bölgədə genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Dünyanın bölgədə müharibə gözlədiyi vaxtda Çindən yeni bir çağırış da gəlib. Çin Bohay və Sarı dənizlərində real döyüş sursatlarından istifadə etməklə təlimlərə başlayacağını açıqlayıb.

Dəniz Təhlükəsizliyi Xidmətindən verilən açıqlamada sentyabrın 8-dək davam edəcək hərbi təlimlər səbəbindən sözügedən ərazilərin gəmilərin hərəkətinə bağlanacağı bildirilib.

Beləliklə, əvvəlki təlimlər başa çatmamış yenisi başlanıb. Çin ordusu Pelosinin keçən həftə baş tutan səfərindən sonra Tayvan ətrafındakı 6 bölgədə təlimlərə başlamışdı. Təlimlər Çinin suverenlik münaqişəsində olduğu adanın ətrafında faktiki blokada yaradıb. Təlimlər səbəbiylə bəzi bölgələr gəmi və təyyarə trafikinə bağlanıb, boğazda səfərlər dayandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər