“İsrailin Qəzzaya hücumunu görməzdən gələn Baş nazir Yair Lapid sanki gözlərinə pərdə çəkib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Misirdəki səfirliyinin açıqlamasında deyilib.
Səfirlik Lapidin Moskvaya Ukraynada mülki insanlara qarşı müharibə cinayəti törətmək ittihamına cavab olaraq, İsrail ordusunu Qəzzanı mühasirəyə almaqda günahlandırıb.
Diplomatik nümayəndəlik İsrail baş nazirinin Rusiyanın Buçada mülki insanları hədəfə aldığına dair iddiasına cavab olaraq bildirib:
“İsrailin avqust ayında Qəzza zolağına hücumlarına nəzər salaq. Bu mənada Yair Lapidin açıqlamaları onun öz davranışları ilə ziddiyyət təşkil etmirmi və bu, fələstinlilərin həyatına həm etinasızlıq, həm də hörmətsizlik demək deyilmi?”
Səfirlik həmçinin iddia edib ki, Buçada mülki insanların ölümləri Ukrayna “nasistlər”i tərəfindən törədilib.
Son vaxtlarda İsrail və Rusiya arasında siyasi gərginlik hökm sürür. Moskvanın “İsrail-Yəhudi” Agentliyinin Rusiya vətəndaşlarından qanunsuz məlumat topladığını iddia etməsindən sonra tərəflər arasında gərginlik yaranıb.