14 Avqust 2022 13:31
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Əsəd rejimini legitimləşdirmək üçün Türkiyənin onunla danışıqlara getməsinə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu deyib.

Xarici işlər naziri və baş nazir olarkən Türkiyənin Suriya vətəndaş müharibəsində tərəf olmasından məsuliyyət daşıyanlardan biri olan Davudoğlu Ankara və Dəməşqin ancaq üç şərtlə görüşə biləcəyini bildirib.

“Suriya rejimi xalqla barışarsa”, “Əsəd rejimi ölkəyə yenidən nəzarət edərsə” və “Türkiyəyə müsbət mesaj verərsə” Türkiyə-Suriya münasibətlərinin yaxşılaşa biləcəyini iddia edən Davudoğlu hələlik bu şərtlərin yerinə yetirilmədiyini deyib.

Rusiyanın Suriyada Bəşər Əsəd rejimini legitimləşdirməyə çalışdığını deyən Davudoğlu Türkiyəyə doğru yeni köç dalğasının başlaya biləcəyini də söyləyib.

Əsədin Türkiyə ilə görüşünün bədələni ödəməli olduğunu bildirən sabiq baş nazir hesab edir ki, uzlaşma yalnız aşağıdakı şərtlərlə əldə edilə bilər:

“Suriyanın ərazi bütövlüyü qorunacaq;

Suriya xalqı ilə yeni sülh dövrü başlayacaq;

Milli barışıq çərçivəsində heç bir etnik qrup istisna edilməyəcək;

BMT-nin qətnamələri yerinə yetiriləcək;

Suriyada keçid hökuməti qurulacaq;

Yeni konstitusiya ilə qaçqınların geri qayıtması beynəlxalq səviyyədə təmin ediləcək”.

Qeyd edək ki, ötən günlərdə Rusiya və Türkiyə mətbuatında Prezident Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında telefon danışığının keçirilə biləcəyi barədə məlumat yayılıb. Bu, Türkiyə və Suriya tərəfindən rəsmən təkzib edilib.


Müəllif: Mənsur Rəğbətoğlu