“Nəzəri olaraq Ukrayna Silahlı Qüvvələri Rusiya donanmasını işğal olunmuş Krım yaxınlığında batıra bilər, amma praktiki olaraq yox”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert bildirib ki, Rusiya ordusu öz eskadrasını Ukraynanın atəş gücündən maksimum uzaq məsafədə saxlayır.
Jdanovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 300 km-ə qədər uçuş məsafəsi olan “Harpun”, 200 km-ə qədər “Neptun” kompleksi var.
“Onlar eskadranı Qara dənizdə 300 km-dən çox məsafədə neytral sularda saxlayırlar”, - ekspert əlavə edib.
Jdanov bildirib ki, Ukrayna Rusiya donanmasına hava yolu ilə də çata bilmir: “İşğal olunmuş Krımda hava hücumundan müdafiə sistemləri yerləşdiriblər, gəmilər daim bunların mühafizəsi zonasındadır”.
Ukrayna Müdafiə Nazirliyi bundan əvvəl açıqlama verərək bildirib ki, Rusiya öz donanmasını qorumaq istəyirsə, Krımdan çıxmalıdır. Nazirlik iddia edib ki, Ukrayna belə bir fürsət yarandıqda Qara dənizdəki bütün Rusiya gəmilərinə hücuma keçəcək.