“Qərb Rusiyaya qarşı hibrid müharibəyə başlayıb. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı yalnız anti-Rusiya kampaniyası üçün bəhanə kimi istifadə olunur”.
Teleqraf.com xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin iclasında çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Bu cür zərərli siyasətin bariz nümunəsi Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibəsidir. Uzunmüddətli hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanətlərinin formalaşdırılması ilə bağlı təkliflərimiz rədd edildi. Qarşılıqlı məqbul dialoq yolları axtarmaq əvəzinə, Rusiyanı beynəlxalq aləmdə təcrid etməyə cəhdlər edilir, qeyri-legitim sanksiyalar tətbiq olunur. Ölkəmizin Ukraynada başlatdığı xüsusi hərbi əməliyyatdan yalnız analoqu olmayan qlobal anti-Rusiya kampaniyasına başlamaq üçün bəhanə kimi istifadə edilir”, - Patruşev vurğulayıb.
O, həmkarları ilə görüşünün ciddi geosiyasi dəyişikliklər fonunda keçirildiyini söyləyib:
“Əslində gözümüzün qabağında qlobal böhran baş verir. Bunun səbəbi Qərbin təkcə digər ölkələrin milli maraqlarını, xüsusiyyətlərini və ənənələrini deyil, həm də çoxqütblü dünyanın formalaşmasında obyektiv tendensiyaları və Qərb hegemoniyasının tədricən sönməsini tamamilə gözardı edərək, dünyada öz hökmranlığını tətbiq etmək istəyidir”.
Patruşev bildirib ki, Qərb hibrid davranışlar sərgiləməyə və Rusiya ilə açıq silahlı qarşıdurma ərəfəsində balans yaratmağa çalışır:
“Ukrayna ətrafında baş verənlər göstərir ki, qərblilər hibrid davranışlar və ölkəmizlə açıq silahlı qarşıdurma ərəfəsində tarazlıq yaratmağa çalışırlar və buna hazırlaşmaqdan əl çəkmirlər”.