Pakistanda keçmiş baş nazir İmran Xana qarşı Terrorla Mübarizə Qanununa əsasən, “polisi və hakimi hədələdiyi” ittihamı ilə həbs əməliyyatı başlayıb.
Teleqraf.com xəbər verir ki, əməliyyata keçmiş baş nazirin avqustun 21-də verdiyi açıqlamalardan sonra start verilib.
İmran Xan hakim Zəba Çaudrini, İslamabad polis rəisini və onun müavinini hədələməkdə ittiham olunur. Xanın çıxışının “xalq arasında iğtişaş və terroru yaymaq” məqsədi daşıdığı da qeyd olunub.
İmran Xanın həbsinə order verilib. Polisin Xanı tutmaq üçün evinin qarşısına gəlməsindən sonra küçələrdə kütləri etiraz aksiyaları başlayıb.
Pakistan parlamentinin deputatı Əli Əmin Xan Qəndapur gəlişmələrdən sonra açıqlama verib:
“İmran Xan xaricdən idxal edilmiş hökumət tərəfindən həbs edilərsə, İslamabadı alacağıq. (Polisə) Artıq bu siyasi müharibənin bir hissəsi olmayın. Əks halda biz sizi polis kimi yox, Pakistan Demokratik Hərəkatının işçiləri kimi görəcəyik”.
İmran Xan isə bundan əvvəl verdiyi açıqlamada Şahbaz Şərif hökumətindən erkən seçki tələb etmişdi:
“Qanuni və konstitusiya yolu ilə seçkiyə gedib-getməyimizə icazənin verilib-verilməməsinə baxacağıq, əks halda bu ölkə vətəndaş müharibəsinə sürüklənəcək”.
Son gəlişmələrdən sonra İmran Xanın həbs edilib-edilməyəcəyi hələlik bəlli deyil. Bununla belə, Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının lideri Xan əvvəllər ona qarşı sui-qəsd hazırlandığını iddia etmişdi.