ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədə artan gərginlik səngimir. Tayvan Müdafiə Nazirliyi gün ərzində adanın ətrafında Çinə məxsus 23 döyüş təyyarəsi və 8 döyüş gəmisinin göründüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, açıqlamada təyyarələrdən 10-nun tərəflərin təhlükəsizlik zonası elan etdiyi ərazilərə müdaxilə etdiyi deyilib.
Çinin döyüş təyyarələri və gəmilərinin elektron izləmə vasitələri, patrul təyyarələri, gəmilər və raket sistemləri ilə izləndiyi vurğulanıb.
Digər tərəfdən, Çindən idarə olunan mülki pilotsuz təyyarənin Tayvanın Kinmen (Quemoy) adasındakı hərbi bölgə üzərindən uçduğu bildirilib. Kinmen Müdafiə Komandanlığından verilən açıqlamada pilotsuz təyyarənin fişənglərlə xəbərdarlıq edilərək ərazilərdən uzaqlaşdırıldığı qeyd edilib.
Bu arada ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı 7-ci Donanmasının “USS Antietam” və “USS Chancellorsville” gəmiləri Tayvan boğazından keçib. Donanmanın verdiyi açıqlamada döyüş gəmilərinin boğaz sahilində yerləşən ölkələrin heç birinin ərazi sularına daxil olmayan dəhlizdən istifadə etdiyi vurğulanıb.
Çin ordusunun Amerika gəmilərinin keçməsi ilə əlaqədar döyüşə hazır vəziyyətə gətirildiyi deyilib.