7 Sentyabr 2022 12:25
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Şimal Axını” boru xəttini sentyabrın 2-də “təmir” adıyla fəaliyyətini müvəqqəti dayandırması Avropa ölkələrində ciddi narahatlığıa səbəb olub. Həmin tarixdən başlayaraq, qazın nəqli tamamilə dayandırılıb. Brüssel Moskvanın “təmir” izahını bəhanə kimi qiymətləndirir. “Qazprom” isə Brüsselin ittihamlarıyla razılaşmayaraq boru xəttində “xətalar” aşkarladığını açıqlayıb. Brüssel Moskvanı qaz tədarükündə etibarsız tərəfdaş elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Mərkəzin ekspertlərinin fikrincə, Rusiya qaz nəqlindən siyasi təzyiq aləti kimi istifadə edir:

“Kreml vaxtilə Ukraynada birinci “narıncı inqilab”la dəyişən hakimiyyətə və Kiyevə dəstək verən Avropaya təzyiq etmək məqsədilə də qazın nəqlini dayandırmışdı. Kreml hazırda eyni üsulla Qazaxıstana da təzyiq edir. Qazaxıstan hakimiyyətinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstək vermədiyinə görə qazax neftinin nəqlində problemlər yaşanır. Qazaxıstanın dünya bazarlarına nəql etdiyi boru xətti Rusiya ərazisindən keçir. Rusiya hakimiyyəti də istədiyi zaman neftin nəqlini yenə “təmir” adıyla dayandırır. Bu səbəbdən Qazaxıstan təcili neftinin nəqlini şaxələndirməyə çalışır.

Bu arada, Qərb mətbuatının xəbərinə görə, Rusiya qazı Avropaya Çin üzərindən çatdırıla bilər. Maraqlı vəziyyətdir. Rusiya birbaşa qonşu Avropaya qaz nəql etmir və Brüssel ümumiyyətlə Rusiya qazından imtina etməyə çalışır. Ancaq ağır qış aylarına hazırlaşan Avropanın mavi yanacağa ehtiyacı var. Azərbaycan, Qətər, Əlcəzair, Misir və ABŞ qazı Avropaya kifayət etmir. Rusiya Avropaya sata bilmədiyi qazı böyük həcmdə Çinə satmağa çalışır. Ancaq Çin qazı yalnız Rusiyadan almır, Mərkəzi Asiya ölkələrindən də mavi yanacaq idxal edir. Bununla yanaşı, Çin yaxşı pul qazanmağın hiyləgər yolunu da tapıb. Rusiyadan böyük həcmlərdə qazı almalı olan Çin mavi yanacağın bir hissəsini sıxılmış qaz şəklində daha baha qiymətə Avropa ölkələrinə sata bilər”.

Məqalədə qeyd edilib ki, sanksiyalar fonunda Rusiyanın Çinə qaz nəqlinin həcmi 63 faiz artıb:

“Çinə bu həcmdə qaz lazım deyil. Daxili tələbat ödənir. Brüsselin Çin üzərindən Rusya qazını alacağı müzakirə mövzusudur, hələ ki, bununla bağlı qərar yoxdur. Ancaq əgər Avropa soyuq qış aylarında əlacsız qalarsa, Çin üzərindən Rusiya qazının alışı variantını də nəzərdən keçirəcək.

Avropa İttifaqı ABŞ-la İran arasında yeni nüvə sazişinin imzalanmasını da istəyir. Çünki bu halda İrana qarşı sanksiyalar yumşalacaq və Avropa ölkələri İrandan daha çox neft ala biləcək, Tehranla qazın nəqli mövzusunu da müzakirə edəcəklər. Tehran nüvə sazişi ilə bağlı təkliflərini Vaşinqtona Brüsselin vasitəçiliyi ilə göndərib. Brüssel Tehranın yeni təkliflərini müsbət qiymətləndirib. Ancaq Vaşinqton qərar verməkdə tələsmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər