Xarkov vilayətində Ukrayna hərbçiləri rus işğalçıları tərəfindən müvəqqəti işğal edilmiş 30-dan çox yaşayış məntəqəsini azad edib və ya nəzarətə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının səhər xülasəsində deyilir.
“Müdafiə Qüvvələrinin bölmələri bəzi istiqamətlərdə 50 km-ə qədər dərinlikdə düşmənin müdafiəsini yarıb keçiblər. Xarkov vilayətində rus işğalçıları tərəfindən müvəqqəti zəbt edilmiş 30-dan çox yaşayış məntəqəsi azad edilib və ya nəzarətə götürülüb”,- məlumatda bildirilib.
Həmçinin, Baş Qərargah qeyd edib ki, Ukrayna quru qoşunlarının raket və artilleriya qüvvələrinin atəşi nəticəsində bir sutka ərzində müxtəlif səviyyəli 18 nəzarət məntəqəsi və 20-dən çox döyüş sursatı və yanacaq-sürtkü materialları anbarı məhv edilib:
“Zərbələr düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazilərə, artilleriya bölmələrinə endirilib”.