“Şimal axını 1” təbii qaz kəmərinin hər iki tərəfində naməlum səbəbdən təzyiqin aşağı düşdüyü bildirilib.
Teleqraf.com xəbər verir ki, “Şimal axını 1”in icraçı şirkəti olan “Nord Stream AG”nin açıqlamasında təzyiqin iki xətt üzrə azaldığı bildirilib.
Təzyiqin aşağı düşmə səbəbləri araşdırılır.
“Nord Stream AG” bu gün verdiyi başqa bir açıqlamada istismara verilməyən, lakin təbii qazla doldurulan “Şimal axını 2”də də təzyiqin azaldığını qeyd olunur.
Danimarkada donanma rəsmiləri Baltik dənizində Rusiyadan Avropaya gedən boru kəmərində dəniz nəqliyyatı üçün təhlükəli qaz sızmasının müşahidə edildiyini açıqlayıb.
“Şimal axını 2” layihəsinin icraçı şirkətinin açıqlamasında Baltik dənizində Danimarkanın Bornholm adasının cənub-şərqindəki qaz kəmərində sızma aşkarlandığı təsdiqlənib.
Bildirilir ki, kəmər qaz idxalı üçün istifadə olunmasa da, hələ də doldurulur.
Məsələ ilə bağlı Almaniya, Danimarka, İsveç, Finlandiya və Rusiyanın məsul qurumları məlumatlandırılıb.
Almaniya İqtisadiyyat Nazirliyi bəyan edib ki, Danimarkadakı səlahiyyətlilərlə əlaqə saxlayırlar: “Hazırda faktların aydınlaşdırılması üçün aidiyyəti qurumlarla fikir mübadiləsi aparırıq”.
Avqustun 31-də “Şimal axını 1” boru kəməri ilə təbii qazın nəqli lazımi təmir işləri aparıla bilmədiyi üçün tamamilə dayandırılıb.
Rusiya rəsmiləri təbii qazın Avropaya nəqlində problemlərin sanksiyalardan qaynaqlandığını iddia edərkən, Avropa rəsmiləri Rusiyanın enerji resurslarından silah kimi istifadə etdiyini bildirir.