Rusiyanın Ukraynaya təcavüzündən sonra tənqid hədəfinə çevrilən Finlandiyada keçmiş SSRİ lideri Vladimir İliç Leninin sonuncu heykəli götürülüb.
Teleqraf.com xəbər verir ki, iyunda Kotka Şəhər Şurasında keçirilən səsvermədə mərkəzi meydandakı heykəlin götürülməsinə qərar verilib.
Qərarda bildirilir ki, heykəl Kotka Şəhər İncəsənət Kolleksiyasının bir hissəsidir və onun sərgidə istifadəsinə Kimenlakso Muzeyi qərar verəcək.
Kimenlakso muzeyinin direktoru Kirsi Niku heykəlin saxlanılacağını bildirib:
“Bu nəsil görməsə belə, gələcək nəsillər mütləq onunla maraqlanacaq. Bu, öz zamanında tarixdir”.
Estoniyalı heykəltəraş Matti Varik tərəfindən hazırlanmış heykəl 1979-cu ildə Kotka ilə qardaşlaşmış Tallin tərəfindən şəhərə hədiyyə edilib.