12 Oktyabr 2022 12:20
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmada məhkəmə 1 fevral 2021-ci ildə hərbi çevrilişdən sonra saxlanılan və hələ də həbsdə olan devrilmiş lider Aung San Suu Kyini iki korrupsiyada təqsirli bilib və onu daha 3 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, narkotik ticarətində təqsirli bilinən iş adamı Maung Weikdən 550 min dollar rüşvət almaqda ittiham olunan devrilmiş lider məhkəmədə ona qarşı irəli sürülən korrupsiya ittihamlarını rədd edib.

Hərbi məhkəmə indiyədək 11 dəfə korrupsiyada ittiham olunan Suu Kyinin korrupsiya işi üzrə aprel ayında ilk qərarını açıqlayıb.

Bildirilib ki, Suu Kyi 600 min dollar nağd pul və qızıl rüşvət almaqda ittiham olunduğu korrupsiya işində 5 il müddətinə azadlıqdan məhrum edilib.

76 yaşlı Suu Kyi indiyədək qeyri-qanuni olaraq telefon idxal etmək və saxlamaq, ictimai iğtişaşlara təhrik etmək və COVID-19 məhdudiyyətlərini pozmaq ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib.

Suu Kyi 4 müxtəlif korrupsiya və seçki saxtakarlığı işində təqsirli bilinib və hazırkı həbs cəzalarına əlavə olaraq 9 il həbs cəzasına məhkum edilib.

Suu Kyi ümumilikdə 26 il həbs cəzasına məhkum edilib və Myanma hərbi məhkəməsi son hökmü 3 il müddətinə verib.

Bildirilir ki, Suu Kyi çevrilişi öz üzərinə götürmüş hərbi administrasiyanın ona qarşı irəli sürdüyü bütün ittihamlarla təqsirli bilinərsə, onu 175 ilə qədər həbs cəzası gözləyir.

Siyasi Məhbuslara Yardım Təşkilatının (AAPP) məlumatına görə, çevrilişdən sonra ölkədə 1900-dən çox insan həlak olub, 10 mindən çox adam saxlanılıb. Myanma hərbi məhkəmələri 2-si uşaq olmaqla 114 siyasi məhbus barəsində ölüm hökmü çıxarıb.


Müəllif: Nemət

Oxşar xəbərlər