ABŞ-ın 5-ci Donanması Qırmızı dənizdən Bəsrə körfəzinə qədər bölgədə 100-lərlə pilotsuz dəniz gəmisi (USV) yerləşdirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu addımın hərbi təhdidlərə və qeyri-qanuni fəaliyyətlərə qarşı cavab olaraq atıldığı bildirilir.
ABŞ 5-ci Donanmasının Komandanlığından deyilib ki, Amerika və müttəfiqləri gələn yaya qədər Qırmızı dənizdən Bəsrə körfəzinə qədər patrul xidməti həyata keçirəcək 100 USV-dən ibarət qüvvə yaratmaq istəyirlər.
Vitse-admiral Bred Kuper süni intellektlə birləşən pilotsuz dəniz vasitələrinin okeanda müttəfiqlərə hər cür məlumatı ötürəcəyini açıqlayıb.
REPMUS 2022 təlimində 50 pilotsuz dəniz vasitəsinin iştirak etdiyini xatırladan Kuper USV-lərin 360 dərəcə yüksək keyfiyyətli kameralara malik olduğunu və peyklər tərəfindən idarə olunduğunu deyib.
“Yanından keçən hər şeyi görəcəklər, şəklini çəkəcəklər. Sonra süni intellektdən istifadə edərək xəritəni çəkəcəklər və bunları Hərbi Dəniz Qüvvələrinin komanda mərkəzinə göndərəcəklər. Balıqçı qayığı? Fərqi yoxdur. İran İnqilab Keşikçilərinin gəmisi? Bu çox vacibdir”, - admiral vurğulayıb.
Kuper artıq bölgədə Səudiyyə Ərəbistanı, İsrail və İordaniya ilə təlim keçirdiklərini də açıqlayıb.