Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün İrandan alacağı “Araş-2” kamikadze pilotsuz təyyarələri “Şahid-136”-lardan iki dəfə güclüdür.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, Ukrayna ordusunun ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Onun sözlərinə görə, “Araş-2” pilotsuz təyyarələri daha çox qanadlı raketlərə bənzəyir, amma bunlar lokatorlarda aydın görünəcək və buna görə də onları vurmaq daha asan olacaq.
“Bunlar da çox asan hədəflərdir. Çünki lokatorlarda aydın görünəcək, zenit-raket sistemləri asanlıqla vuracaq. Onların necə məhv olmasının səsləri açıq eşidiləcək”, - Svitdan bildirib.
Ekspert İranın Ukraynaya qarşı Rusiya tərəfindən müharibəyə qatılacağını da iddia edib. Eyni zamanda, o, Ukrayna Silahlı Qüvvələrinin “Şahid” pilotsuz təyyarələrinin məhv edilməsində uğurlu təcrübəyə malik olduğunu deyib.
“Bizim İran dronları ilə mübarizə aparmaq üçün lazım olan sistemlərimiz və silahlarımız var. Bunu necə edəcəyimizi artıq öyrənmişik. Artıq hamı “Şahid” PUA-larını tanıyır, bu, artıq öyrənilmiş cihazdır, əks-tədbir görməyi bilirik. Böyük bir müdafiə kompleksimiz var”, - Svitan vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın indiyədək Ukraynaya göndərdiyi İran PUA-larının 85 faizinin məhv edildiyini açıqlayıb.
Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi isə bildirir ki, İran Rusiya hərbçilərinə təlim keçmək üçün kamikadze dronlarının saxlanıldığı Krıma öz mütəxəssislərini göndərib. O, ABŞ kəşfiyyatının bu barədə dəqiq məlumat əldə etdiyini deyib.
“Tehran indi Ukraynada mülki əhaliyə və mülki infrastruktura zərbə vuran silahların tədarükü ilə birbaşa müharibədə iştirakçıya çevrilib. ABŞ İranın Ukrayna xalqına qarşı bu fəaliyyətini ifşa etmək və bunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək. Amerikanın yeni sanksiyaları həm Rusiya, həm də İranın silah ticarətini hədəfə alıb”, - Kirbi bildirib.
NATO baş katibi Yens Stoltenberq isə deyib ki, İranın Rusiyaya PUA tədarükünə heç bir şübhə yoxdur.
Moskva və Tehran Rusiyanın istifadə etdiyi pilotsuz təyyarələrin İranda istehsal olunmadığını israr etsə də, bunun əksini göstərən dəlillər artır.
Dünən Avropa Komissiyası Rusiyaya pilotsuz təyyarələr verdiyinə görə İrana qarşı sanksiyalar paketini razılaşdırıb və təsdiqləyib.