Yeni Zelandiya Ukraynada hücumlarını davam etdirən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta Rusiyanın müdafiə və təhlükəsizlik sektorlarının hədəfə alındığını bildirib.
“Rusiyanın Ukraynada qanunsuz və ədalətsiz işğalı, davam edən təcavüzü, böyük hərbi sənaye şəbəkəsinə malik olması ilə mümkündür. Bu gün 14 nəfər və 7 qurum Ukraynanı dəstəkləmək üçün sanksiya siyahısına daxil edilib. Siyahıya hərbi qulluqçular, müdafiə müəssisələri, idarəçilər, dezinformasiya təşkilatları, hərbiləşdirilmiş təşkilatlar və yüksək rütbəli komandirlər daxildir”,- Mahuta deyib.
Dezinformasiya ilə məşğul olan media təşkilatlarına da sanksiya tətbiq ediləcəyini ifadə edən Mahuta bildirib ki, sanksiya çərçivəsində Rusiya dezinformasiyasını həyata keçirən “İnfoRos” Xəbər Agentliyi və Krım mərkəzli “NewsFront” da siyahıda yer alıb.
Nazir Rusiyanın Ukraynadakı mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumlarından narahat olduqlarını da əlavə edib.
Qeyd edək ki, Yeni Zelandiya indiyədək 1200-dən çox Rusiya fərd və qurumuna sanksiya tətbiq edib.