İran təhlükəsizlik qüvvələrinin sərt müdaxilələrinə baxmayaraq, ölkədə molla rejimi əleyhinə kütləvi nümayişlər davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.
Nəşrin məlumatına görə, Sistan-Bəlucistan əyalətində orta məktəbdə oxuyan bir qız təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən İranın keçmiş dini lideri Ruhullah Xomeyninin kitablarından birinin arasından cırılmış şəkli tapıldıqdan sonra döyülərək öldürülüb.
Parmis Həmnava adlı İranşəhrdəki orta məktəblərindən birində olarkən təhlükəsizlik qüvvələri şagirdlərin kitablarında axtarış aparmaq üçün məktəbə daxil olub. Axtarış zamanı Həmnavanın kitablarından birinin arasından Xomeyninin cırılmış fotosunu aşkar ediblər. Məlumata görə, təhlükəsizlik qüvvələri Həmnavanı digər şagirdlərin gözləri önündə şiddətli formada döyüblər. Ağır yaralanan qız xəstəxanada həyatını itirib.
Təhlükəsizlik orqanları Həmnavanın ailəsini və müəllimlərini qızın cəsədini təhvil verməzdən əvvəl hadisə ilə bağlı mətbuata danışmayacaqlarına dair söz verməyə məcbur ediblər.
Son altı həftə ərzində İranı bürümüş kütləvi nümayişlər fonunda təhlükəsizlik qüvvələri Sistan-Bəlucistanda, xüsusən də İranşəhrin şimalında yerləşən Zahedanda aksiyaları zorakılıqla dağıdıblar. Son həftələrdə Zahedanda onlarla etirazçının İran qüvvələri tərəfindən öldürüldüyü bildirilir.
Məlumata görə, etirazlar zamanı çoxlu sayda yeniyetmə öldürülüb. Ölkənin bir çox bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən yeniyetmə etirazçıların şiddətli şəkildə döyülməsi və ya hətta öldürülməsi hallarının olduğu bildirilir.
Mindən çox etirazçıya qarşı ittiham irəli sürüldüyü və bir çoxunun artıq həbs edildiyi, bəzilərinə isə hətta ölüm hökmü verildiyi deyilir. Zorakılığın şiddətlənməsinə tələbələr də kəskin reaksiya verirlər. Tələbə hərəkatının davam etdiyi bildirilir.
Bir çox tələbələr etiraz aksiyalarında iştirak etdiklərinə görə universitetlərindən qovulması və ya təhsillərinin dayandırılması, eləcə də universitetlərə girişlərinə qadağanın qoyulması haqda telefon mesajları alırlar. Tehrandakı Əmirkəbir Texnologiya Universitetinin tələbələrinin də bu səbəbdən etirazlara qoşulduqları haqda məlumat yayılıb.
İnternetdə paylaşılan görüntülərdə Beheşti Universitetinin tələbələri “Azadlıq, azadlıq, azadlıq” şüarları səsləndirirlər. Tehranın Əl-Zəhra Universitetində tələbə qızları isə “Öldürəcəm, öldürəcəm, bacımı kim öldürübsə” şüarları ilə meydana çıxıblar.
Ötən həftənin şənbə günü İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami “bu gün iğtişaşların son günüdür” xəbərdarlığını edərək, tələbələrə bir daha küçələrə çıxmamağa çağırmışdı.