İsraildə keçirilən “ekzit-poll”lar göstərir ki, keçmiş baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi sağçı blok 62 deputatla hökumət qura biləcək. Ölkədə son üç il yarımda keçirilən beşinci növbədənkənar seçkilərdə səsvermə yerli vaxtla dünən saat 22:00-da tamamlandıqdan sonra “exit-poll” nəticələri dərc edilib.
Teleqraf.com xəbər verir ki, hələlik dəqiq olmayan nəticələrə görə, Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasına dəstək verən sağçı blok 120 yerlik İsrail parlamentində 62 deputatla səs çoxluğu qazanıb.
Likudun 31 deputatla seçkidə qalib gəldiyi bildirilir.
Benyamin Netanyahunun rəqibi, Baş nazir Yair Lapidin "Gələcək var" partiyası 24 mandatla ikinci olub.
Netanyahunun rəhbərlik etdiyi blokda yer alan ifrat sağçı Dini Sionizm Partiyası 15, ultra ortodoks partiyalarından Şas 10, Birləşmiş Tövrat Partiyası isə 5 deputat mandatı qazanıb.
Yair Lapidin başçılıq etdiyi “Dəyişiklik koalisiyası” adlı blokda Benni Qantsın rəhbərlik etdiyi Milli Birlik Partiyası seçkiləri dördüncü sırada tamamlayaraq 12 millət vəkilini parlamentə göndərib.
“Lapid” bloku, “İsrail evimiz”, İşçi Partiyası və Fələstin-İsrail vətəndaşlarının Birləşmiş Siyahı partiyası hərəyə 5 deputat seçib. Eyni blokun solçu partiyası Meretz 4 deputat qazanıb. Səsvermə qutusunun exit-poll nəticələrinə görə, Lapidin rəhbərlik etdiyi "Dəyişiklik koalisiyası"ndakı partiyalar cəmi 54 yer əldə edə bilib.
Hər iki blokda yer almaqdan imtina edən Fələstinli İsrail vətəndaşlarından ibarət "Ortaq siyahı" partiyası 4 yer qazanıb.
İsraildə yaxın vaxtlarda açıqlanacaq rəsmi nəticələrdə Netanyahuya qarşı parlamentdə bir və ya iki yerin dəyişəcəyi təqdirdə Netanyahu blokunun hökumət qurmaq imkanının təhlükə altına düşə biləcəyi bildirilir.