“Rusiya və Ukrayna arasındakı vasitəçiliyimiz fasiləsiz davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya ilə Ukrayna arasında müzakirələrin başlayıb-başlamayacağı ilə bağlı suala cavab verərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Vasitəçilik nöqtəsindəki işimiz fasiləsiz davam edir, amma bunun üçün tarix vermək: nə vaxt bitəcək, nə vaxt sona çatacaq, demək məntiqli deyil. Rusiyanın Xersonla bağlı son qərarı müsbətdir, mühüm qərardır. G-20-də Rusiyadan iştirakın olub-olmayacağını bilmirəm. İştirak olarsa, orada üz-üzə görüşmək imkanımız olacaq. Əks halda, Rusiya ilə telefon diplomatiyasını davam etdirəcəyik. Ümid edirik ki, vasitəçilikdə uğur qazanacağıq. Gəlin müharibənin hökm sürdüyü dünyadan sülhün hökm sürdüyü dünyaya keçid edək”, - Türkiyə prezidenti vurğulayıb.
Rusiya ilə Ukrayna arasındakı taxıl böhranında Türkiyənin vasitəçi rolu ilə bağlı Prezident Ərdoğan vurğulayıb:
“Əvvəldə dediyim kimi, bu, lider siyasətidir. Bu siyasət çərçivəsində lazım olanları da Putinlə yerinə yetirdik. Təbii ki, bir-birimizə güvənsizlik olsaydı, bu addımı ata və həyata keçirə də bilməzdik, amma bir-birimizə olan güvən və hörmət bizi belə addımlar atmağa sövq edir və mühüm rol oynayır. İndiyə qədər belə gedib”.