“Rusiya-Ukrayna savaşının müqəddəratı Xersonda həll olunur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Rusiya-Ukrayna böhranı ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“İşğalçı Rusiya ordusu Xersondan geri çəkilir və bu, addımın Ukrayna qoşunlarını tələyə salmaq üçün hansısa mühüm bir əməliyyatın tərkib hissəsi olduğunu iddia edən onlarla konspiroloji iddialar irəli sürülür. Halbuki məsələ olduqca sadədir.
Resursları sürətlə tükənən Rusiya ordusu geri çəkilir ki, Xersonda yerləşdirilmiş 40-50 arası sayda hərbi kontingentini məhv olunmaqdan xilas edə bilsin. Müharibənin arxada qalan 9 ayı açıq şəkildə göstərdi ki, Ukrayna ordusunu tələyə salmaq asan deyil.
Ukrayna ordusunun bütün sahələrdə, o cümlədən kəşfiyyat əməliyyatları fəaliyyəti ciddi koordinasiya edilir. Xersonda da belə oldu. Rusiyanın guya tələ qurması, qarşı tərəfin minalanmış şəhərə buraxılaraq məhv edilməsi və sair kimi versiyaları ciddi qəbul etməyən Ukrayna komandanlığı öz işini davam etdirir. Onun işi isə Dnepr çayının sol sahilinə çəkilməkdə olan işğalçı ordunun hissələrini dəqiq artilleriya zərbələri ilə məhv etməkdən ibarətdir. Bu da gözlənildiyi kimi, Rusiya-Ukrayna savaşının müqəddəratının Xersonda həlli deməkdir”.
Ərəstun Oruclunun fikrincə, gözlənilən həm də Rusiyanın həmin işğalçı müharibədə məğlubiyyətə uğrayacağı idi ki, bu da günbəgün yaxınlaşır:
“Başqa cür ola da bilməzdi, çünki korrupsiya, talançılıq, qanunsuzluq içində boğulan bir ölkənin ordusu heç vaxt qalıb gələ bilməz. Üstəlik də ədalətsiz işğalçı müharibədə.
Bu arada, etimad doğuran ciddi hərbi ekspert dairələri Rusiyanın nüvə başlıqlı “Paseydon” torpedosunun sınağının uğursuz olduğunu bildirirlər. Burda da qeyri-adi heç nə yoxdur: öz əsgərini ərzaq, tibbi yardım və yataqla təmin edə bilməyən ölkənin hansısa supermüasir silah iddiası xəyaldan başqa heç nə ola bilməz.
Rusiyanın məğlubedilməzliyi haqda mif addım-addım dağılır. Hələlik döyüş meydanında. Amma onun aradan tam qaldırılması üçün həmin mifin ilk növbədə insanların şüurunda dağılması vacibdir”.