Polşanın hava məkanı üzərində uçan NATO təyyarəsi ölkə ərazisinə düşən raketi izləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN-ə alyansın hərbi nümayəndəsi məlumat verib.
NATO nümayəndəsi iddia edir ki, radarlardan müvafiq məlumatlar alyansa və Polşaya ötürülüb.
CNN bildirir ki, NATO təyyarələri Rusiya işğalı başlayandan bəri Ukrayna ərazisinə mütəmadi olaraq nəzarət edir.
NATO-nun rəsmi nümayəndəsi Polşa ərazisinə düşən raketin kim tərəfindən və haradan buraxıldığını açıqlamayıb.
Dünən axşam saatlarında Rusiya Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib. Bu vaxt Polşa ərazisinə iki raketin düşməsi, iki nəfərin həlak olması xəbəri yayılıb. Polşa Baş naziri Mateuş Moravetski təcili olaraq Milli Təhlükəsizlik Şurasının komitəsini toplayıb.
Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı raketin ölkə ərazisinə düşdüyünü bildirib. Ölkə Prezidenti Anjey Duda isə deyib ki, raketin kim tərəfindən buraxılması hələlik məlum deyil.