ABŞ Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq Türkiyənin Suriya və İraqda YPG/PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatları izlədiklərini və tərəfləri bütün toqquşmaları dayandırmağa çağırdıqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, o, Türkiyənin əməliyyatları dayandırmalı olduğunu da söyləyib.
“Meydanda baş verənləri izləyirik. Bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq”, - Sinq deyib.
Pentaqon rəsmisi bölgədəki bütün tərəflərin hər cür hücumlarının İŞİD-lə mübarizəyə təsir etdiyini iddia edib.
“Bütün tərəflər” dedikdə kimi nəzərdə tutduğunu soruşulduqda Sinq suala birbaşa cavab verməkdən yayınıb:
“Açıq mənbələrdən gördünüz, keçən həftə Türkiyəyə hücum edildi, sonra İraq və Suriyada hava hücumlarını gördük. Tərəfləri bütün toqquşmaları dayandırmağa çağırırıq. Bildiyiniz kimi, oradakı ABŞ qüvvələrinin məqsədi İŞİD-i qalıcı olaraq məğlub etməkdir. Belə hücumlar bu məqsəddən yayındırır və beynəlxalq koalisiyanın İŞİD-i məğlub etməkdə qazandığı uğurları riskə atır”.