“İşğalçıların imkanı olsa, yenidən Kiyevə girməyə çalışacaqlar. Bununla belə, hərbçilər artıq nəticə çıxarıblar və fevral hadisələrinin təkrarlanmaması üçün şəhər rəhbərliyi onlara hər şeydə kömək edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko deyib.
“Kiyev ölkənin ürəyi və rəmzidir, paytaxtıdır. Kiyev təcavüzkarın hədəfi olub və belə olaraq qalır. Əgər imkanları olsa, mütləq Kiyevə girməyə çalışacaqlar. Heç kimi qorxutmuram, amma buna hazır olmalısınız. Bununla belə, hərbçilər baş verənlərdən nəticə çıxarıblar, biz də prosesi izləyirik, fevralda baş verənlərin bir daha təkrarlanmaması üçün əlimizdən gələni edirik”, - Kliçko söyləyib.
Şəhər meri onu da vurğulayıb ki, Vladimir Putinə hələ də Ukraynanın bəzi əraziləri yox, bütün Ukrayna lazımdır və o, imkan olduqca irəli getməyə çalışacaq:
“Ukrayna və Qərb tərəfdaşları arasında bəzi insanlar Putinin Krımın ilhaqından sonra sakitləşəcəyini deyəndə böyük səhvə yol verdilər. Bu dəfə onlar dedilər ki, Donetsk və Luqanskdan sonra dayanacaq. Amma bu olmadı, çünki ona bütün Ukrayna lazımdır. Xarici tərəfdaşlarımıza deyirəm ki, Putinə nə qədər imkan versək, o qədər də gedəcək”.