28 Noyabr 2022 23:42
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Bəşər Əsəd rejimi PKK/YPG terror təşkilatı tərəfindən işğal edilən Hələb vilayətinin Şeyx Maqsud və Əşrəfiyyə qəsəbələrinə yanacaq axınını dayandırıb.

Teleqraf.com xəbər verir ki, Əsəd rejimi bununla PKK/YPG terrorçularının yuva saldığı Şeyx Maqsud və Əşrəfiyyədə terror təşkilatın qondarma yerli şurasını dəyişdirməyi planlaşdırıb.

Yerli mənbələr terror təşkilatının bu tələbə qarşı çıxdığını və rejim qüvvələrinin noyabrın 26-dan etibarən Şeyx Maqsud və Əşrəfiyyəyə yanacaq axınını dayandırdığını deyirlər.

Yanacaq problemi səbəbindən bu qəsəbələri elektrik enerjisi ilə təmin edən generatorların əksəriyyəti sıradan çıxıb.

Əsəd qüvvələri aprelin 7-də Şeyx Maqsud və Əşrəfiyyəni, buna cavab olaraq PKK/YPG isə aprelin 9-da Hasəkə əyaləti və Qamışlıda Suriya hərbçilərini blokadaya almışdı. Təxminən 10 gün davam edən blokadada rejim yanacaq, un, ərzaq və dərman kimi malların qəsəbələrə daxil olmasına mane olmuşdu.

Əsəd rejimi 2012-ci ildə ümumxalq etirazları və silahlı müqavimətin artmasından sonra ölkənin şimalındakı bəzi əraziləri silahlı hərəkətə keçməmək şərtilə PKK/YPG-nin nəzarətinə verib. Bundan sonra PKK/YPG Hələbin bəzi ərazilərində də yuva salmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər