7 Dekabr 2022 15:35
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada dövlət çevrilişi etməyə hazırlaşdıqları iddia edilən radikal sağçı ekstremistlərə qarşı keçirilən əməliyyatda 25 nəfər saxlanılıb. Yaxalananlar arasında keçmiş hərbçilərin olduğu da bildirilib.

Teleqraf.com xəbər verir ki, federal prokurorluqdan verilən açıqlamada 11 əyalətdə 130 nöqtədə 3 min polis tərəfindən əməliyyat keçirildiyi deyilib.

Ədliyyə naziri Marko Buşman reydləri terrorla mübarizə əməliyyatı kimi qiymətləndirib və şübhəlilərin dövlət qurumlarına silahlı hücum planlaşdırmış ola biləcəyini qeyd edib.

Radikal sağçı “Reyx” Vətəndaş Hərəkatına qarşı keçirilən əməliyyatda 22 Almaniya vətəndaşı terror təşkilatına üzv olmaqda ittiham edilib. Biri Rusiya vətəndaşı olmaqla 3 nəfərin təşkilata dəstək verməkdə ittiham olunduğu açıqlanıb.

İttihamçı tərəf bildirib ki, şübhəlilər məqsədlərinə ancaq hərbi yolla və güc tətbiq etməklə nail olmağa çalışıblar.

Saxlanılanların Almaniya Bundestaqına basqın edərək dövlət çevrilişi planlaşdırdıqları iddiaları arasındadır.

Kalv şəhərindəki xüsusi təyinatlı KSK-nin bölməsinin kazarmaları da axtarış aparılan yerlər arasındadır.

Məsələ ilə əlaqədar Avstriyanın Kitzbuhel və İtaliyanın Peruciya şəhərlərində iki nəfərin saxlanıldığı açıqlanıb.

Prokurorluqdan bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən şəxslər ötən il Almaniyada mövcud dövlət quruluşunu dəyişdirmək məqsədilə terror təşkilatı yaratmaqda ittiham olunurlar.

Şübhəlilərin “Reyx Vətəndaşları” və “Qanon ideologiyası” adlı sui-qəsd nəzəriyyələri toplusuna inandıqları iddia edilir. Qeyd edilib ki, qruplaşma üzvləri Almaniyanın “dərin dövlət” adlanan mexanizm tərəfindən idarə olunduğuna da inanırlar.

ZDF telekanalı iddia edir ki, Bundestaqın bir keçmiş üzvü də bu ssenaridə yer alıb və yeni sistemdə ədliyyə naziri olmağı planlaşdırıb.

1871-ci il Alman İmperiyasını nümunə götürən qrup üzvlərinin müasir Almaniya dövlətini tanımadıqları bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu