“Mənim Rusiya və Ukrayna ilə bağlı siyasətim uğurlu olmasa da, düzgündür. 2014-cü ilin sentyabrında Minsk razılaşması “Ukraynaya vaxt vermək cəhdi” kimi xarakterizə edilməlidir. Bu razılaşma Ukraynaya güclənmək üçün qiymətli vaxt verirdi”.
Teleqraf.com xəbər verir ki, bunu 16 il Almaniyaya fasiləsiz rəhbərlik edən və ötən ilin dekabrında siyasəti tərk edən Angela Merkel “Zeit” jurnalına deyib.
“O vaxtkı Ukrayna indiki Ukrayna deyildi. 2015-ci ilin əvvəlində Debaltsevo döyüşündə gördüyünüz kimi, Putin həmin vaxt onları asanlıqla məğlub edə bilərdi. O zaman NATO ölkələri Ukraynaya indiki kimi kömək edə biləcəyinə mən şübhə edirəm”, - sabiq kansler bildirib.
Rusiyanın sülhsevər siyasətlərə əməl etməməsi səbəbindən "soyuq müharibə"nin bitmədiyini vurğulayan Merkel NATO-nun 2014-cü ildə Rusiyanın hücumuna daha tez cavab verməsi lazım olduğu qənaətini bölüşüb.
Ukrayna və Gürcüstanın 2008-ci ildə başlayan NATO-ya üzvlük prosesinin səhv addım olduğunu etiraf edən keçmiş kansler fikrini belə əsaslandırıb:
“Ölkələrin bunun üçün lazımi ilkin şərtləri yox idi və belə bir qərarın həm Rusiyanın Gürcüstan və Ukraynaya qarşı hərəkətləri, həm də NATO və yardım qaydaları üçün fəsadları tam qiymətləndirilməyib”.
Qeyd edək ki, Merkel Ukraynaya müdaxilədən əvvəl vəzifədə olarkən Rusiyaya qarşı yürütdüyü siyasətə haqq qazandıraraq Putini dayandırmaq iqtidarında olmadığını bildirmişdi.
Merkel son aylarda söyləyib ki, Avropada davamlı sülhə yalnız Rusiyanın daxil olduğu halda nail olmaq olar: “Biz buna nail ola bilməsək, "soyuq müharibə" bitmiş hesab edilməyəcək.