“Türkiyə ilə anlaşma Yunanıstana zəmanət verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu yunan politoloq Teodoros Tsikas deyib.
Ekspert nə Türkiyənin, nə də Yunanıstanın hücum planlaşdırdığına inandığını bildirib:
“Problem ondadır ki, iki ölkənin hər biri digərini təcavüzkar kimi görür. Tarixi keçmişlə bağlı fərqli təsəvvür də var. Bir də beynəlxalq müqavilələrin təfsirindəki fərqlər. Bu, bəzi təhlükəli vəziyyətlərə səbəb ola bilər. İstənilən halda bu, həm ölkə, həm də regionumuzun sabitliyi üçün sosial-iqtisadi yükdür. Ona görə də həmişə mübahisə etmişəm ki, gərginliyi saxlamaq düzgün deyil. Ölkəmizin və onun hüquqlarının ən yaxşı təminatı Türkiyə ilə ikitərəfli mübahisələrin birbaşa danışıqlar və ya Beynəlxalq Haaqa Məhkəməsinə birgə müraciət yolu ilə həllinə dair razılaşmadır”.
Tsikas siyasi, diplomatik və hərbi səviyyədə gərginliyin azaldılması üçün təşəbbüslərin göstərilməsinin faydalı olacağı fikrini bölüşür: “Egeydə Etimad Tədbirləri ətrafında dialoqu niyə davam etdirməməliyik? Buna çətinliklə başlamışdıq. Amma bu, xoşagəlməz və təhlükəli vəziyyətlərin qarşısını almağa kömək edəcək”.
Politoloq vurğulayıb ki, ABŞ və Fransa ilə müttəfiqliyi önə çəkmək və Dədəağac limanında silah toplamaq düzgün deyil:
“Əlbəttə, ittifaqları pozmağı təklif etmirəm, ittifaqlar faydalıdır. Təbii ki, qarşılığını da verəcəksən. Amma bunları bölgədə hakim olmaq və ya Türkiyəni mühasirəyə almaq üçün tramplin kimi qəbul etsək, çıxılmaz vəziyyətə düşəcəyik. Çünki qarşı tərəf də sakit dayanmayacaq”.
Yunanıstanın silahlanma proqramını tənqid edən Tsikas Afinanın müttəfiq olduğu ölkələrdən döyüş gəmiləri və döyüş təyyarələri almasının mənasız və bahalı taktika olduğunu deyib:
“Qorxuram ki, biz başqa ölkələrdən silah almaqla onların dəstəyini də ala biləcəyimizi düşünürük. Bu, problemlə məşğul olmaq üçün səmərəli və faydalı üsul deyil. Ən pisi, problemlərimizi onlarla həll edəcəyimiz illüziyasına qapılmaq olardı. Heç bir ölkə bizim münaqişəmizə birbaşa hərbi müdaxilə etməyəcək, çünki biz müdafiə sazişi bağlamışıq. Silahlı Qüvvələrin təchizat proqramının modernləşdirilməsinə ehtiyac danılmazdır. Ancaq bu, planlaşdırma və proqramlaşdırma ilə edilməlidir”.
Yunan politoloq enerji sahəsində davam edən riskləri də vurğulayıb: “Bu problemlər Şərqi Aralıq dənizindəki bütün dövlətlər, o cümlədən Türkiyə ilə enerji əməkdaşlığıyla həll edilə bilər”.