PKK terror təşkilatının simpatizanlarının Fransanın paytaxtı Parisdə yaratdığı xaotik atmosfer sakitləşmək bilmir. Evlərindən çıxa bilmədiklərini dilə gətirən parislilər isə PKK-ya verilən dəstəyə görə Fransa hökumətinə etiraz etməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, Türkiyənin terrorla mübarizəsinə dəstək verməyən, təhlükəsizlik maraqlarını daim görməzlikdən gələn bəzi Avropa ölkələri indi hər yeri döyüş meydanına çevirən PKK/YPG-nin xaos və zorakılığından sarsılır.
Fransada başlayan, Yunanıstan və İngiltərəyə yayılan PKK/YPG zorakılığı Avropa ölkələrini bu terror təşkilatı ilə bağlı xəbərdar edən Prezident Rəcəb Tayyib Ərdoğanın haqlı olduğunu bir daha gözlər önünə sərir.
Türkiyə liderinin “Qoynunda bəslədiyin ilan bir gün səni də sancacaq” dediyi “ilan” artıq “zəhərli diş”ini Fransaya batırıb.
Uilyam M. adlı Fransa vətəndaşının Parisdəki Ahmet Kaya Mədəniyyət Mərkəzinin yaxınlığında üç nəfəri öldürməsindən sonra xaos genişlənib. Baş verənləri “irqçi hücum” adlandıran PKK/YPG tərəfdarları yenidən zorakılığa əl atıblar. Terror təşkilatının simvollarını daşıyan PKK tərəfdarları Paris küçələrində barrikadalar qurublar, avtomobilləri çevirərək yandırıblar. Səki daşlarını, avtobus dayanacaqlarını söküb, mağazaların şüşələrini sındıraraq qarət edən PKK-çılar Fransanın paytaxtını əsl döyüş meydanına çeviriblər. PKK simpatizanlarının təhlükəsizlik qüvvələri və polisə hücumu isə qarşıdurmaya yol açıb.
Terror tərəfdarlarının təcavüzü Parisin hüdudlarından kənara çıxıb.
Marsel şəhərində baş verən hadisələr zamanı polis idarəsi daşqalaq edilib. Polis maşınları, zibil qutuları və avtobus dayanacağı yandırılıb. Mağazalar dağıdılıb. Zorakılıq nəticəsində 31 Fransa polisi yaralanıb. Hadisələrdə 11 nəfər saxlanılıb.
Fransadakı olaylar Yunanıstandan sonra İngiltərəyə yayılıb. Parisdəki hücuma etiraz edən terror təşkilatının tərəfdarları Fransanın London səfirliyi qarşısında toplaşıblar. Nümayişçilər səfirliyin binasını daşladıqdan sonra Türkiyə səfirliyinə doğru yürüş ediblər.
Parisdə üç qətlə yetirən fransızın bunu “əcnəbiləri öldürmək” üçün etdiyi iddia olunub. 69 yaşlı şəxs hadisə yerində nəzarətə götürülüb. Prokurorluq dünən hücumçunun “əcnəbilərə patoloji nifrəti” olduğunu və bunu “qətl törətmək və əcnəbiləri öldürmək” üçün təşkil etdiyini açıqlayıb. Həmin şəxsin 2021-ci ildə Parisdə miqrasiya mərkəzinə qılıncla hücum etdiyi, 2 nəfəri yaraladığı və bu ay həbsxanadan çıxdığı bildirilib.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının baş verənlərə münasibəti belə olub:
“Son 40 ildə minlərlə türkü, kürdü və təhlükəsizlik əməkdaşını qətlə yetirən həmin PKK-dır. İndi Parisin küçələrini yandırırlar. Yenə də susacaqsınız? “Hamımız PKK-çıyıq” şüarını səsləndirirlər. Əlavə şərhim yoxdur”.