İsrail Baş naziri Binyamin Netanyahu bir neçə gün əvvəl İranın İsfahan şəhərində sursat istehsalı müəssisəsinə edilən hücumun arxasında ölkəsinin olması ilə bağlı iddianı nə təsdiq, nə də təkzib edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
“Konkret əməliyyatdan danışmıram. Yaxın Şərqdə nə vaxt partlayış baş versə, İsraili ittiham edirlər və ya işarə edirlər. Bəzən biz edirik, bəzən biz etmirik”, - Netanyahu bildirib.
İsrail baş naziri Ukrayna müharibəsində İranın Rusiyaya silah göndərməsinə də toxunub: “İranın öz xalqına qarşı barbarlığı qarşısında dünya onun nə olduğunu anlamağa yaxınlaşır. İran Avropanın ortasında - Ukraynada günahsız mülki insanları öldürən pilotsuz təyyarələr verir”.
Netanyahu onu da deyib ki, baş nazir kimi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.
Baş nazir Ukraynaya hərbi yardım etməyi nəzərdən keçirdiklərini və İranın kütləvi silah istehsalına qarşı tədbir görəcəklərini açıqlayıb: “İsrail İranın Ukraynada da istifadə edilən silahlarının istehsalına qarşı hərəkətə keçir”.