ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının rəhbəri general Kristofer Kavoli amerikalı konqresmenlərlə qapalı iclasda Vaşinqtonu Ukraynanın qalib gəlməsinə kömək edəcək ən müasir silahları verməyə inandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.
Amerika nəşrinin iddiasına görə, Kavoli F-16 qırıcıları, pilotsuz təyyarələr və uzaqmənzilli raketlərin Ukraynaya verilməsini istəyib. Onun fikrincə, bu, Kiyevə havada üstünlüyü ələ keçirməyə imkan yarada və Rusiyaya qarşı əks-hücumlarını dəstəkləyə bilər.
F-16 qırıcılarının Ukraynaya Rusiyaya qarşı müharibədə qalib gəlməsinə kömək edəcəkmi sualına general birmənalı cavab verib: “Bəli”.
Onun sözlərinə görə, bu silahlar Ukraynaya hücuma keçmək və rus ordusunun irəliləyişini dayandırmaq planlarında uğur qazanması üçün lazımdır.
Kavoli bildirib ki, Ukraynanın daha uzaqmənzilli raketlərə (ən azı 100 km), taktiki raket komplekslərinə ehtiyacı var: “Bunlar Ukrayna daxilində Rusiya hərbi maşınını sıradan çıxarmağa kömək edəcək”.
Eyni zamanda, general Ukrayna ordusunun bu silahlarla Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr endirə biləcəyini söyləyib.