9 Mart 2023 17:42
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dünyada çoxlu sayda insan hüquqlarının pozulmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Freedom News” təşkilatının (Böyük Britaniya) “Dünyada azadlıq” illik hesabatında deyilir.

Burkina-Faso, Tunis, Peru və Braziliyada da ciddi insan haqları pozuntularının qeydə alındığı vurğulanır. Hesabatda qeyd olunur ki, qlobal azadlıq səviyyəsi 17-ci ildir aşağı düşür, ötən il dünyanın 195 ölkəsindən yalnız 84-ü azad kimi tanınıb.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü Avrasiya qitəsində aktiv və dondurulmuş münaqişələrin daha geniş spektri arasında mərkəzi yer tutub. Bu, on minlərlə insanın ölümünə, Avropanın ən böyük qaçqın böhranına və qlobal iqtisadi və təhlükəsizlik problemlərinin yaranmasına səbəb olub.

Hesabat müəllifləri deyirlər ki, Ukraynadakı müharibə Belarusun suverenliyinə ciddi təsir göstərib, Moldovada münaqişənin yenidən başlaması təhlükəsini və Gürcüstanda gərginliyi artırıb.

Hesabatda vurğulanır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa ölkələrini təhlükəsizlik ehtiyaclarını yenidən düşünməyə vadar edib, Finlandiya və İsveç isə uzun müddətdir davam edən neytrallıqlarından tamamilə imtina edərək NATO-ya üzv olmaq üçün müraciət ediblər, Almaniya isə müdafiə büdcəsini iki dəfə artırıb.

Müəlliflər eyni zamanda, Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi keçmiş sovet ölkələrinin Rusiyanın Ukrayna ərazilərini ilhaqını tanımaqdan imtina etdiklərini və onların hamısının Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiyalara əməl etdiklərini diqqətə çatdırıblar. Ermənistan isə bu mənada rusiyayönlü olaraq seçilir.

Rusiyaya gəlincə, müəlliflər Vladimir Putinin hakimiyyəti illərində korrupsiyanın görünməmiş miqyas aldığını və onun rejiminin müharibəki məqsədlərinə çata bilmədiklərini deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər