“Zəlzələ ilə əlaqədar ölkəmizə gələn axtarış-xilasetmə qrupları işlərini başa çatdırdıqları üçün ölkələrinə geri qayıdıblar. Ən son geri qayıdan Azərbaycan xilasediciləridir”.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq axtarış-xilasetmə işlərinə dəstək üçün 90 ölkədən 11 min 320 nəfər cəlb olunub.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub.
Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.