30 Mart 2023 11:44
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çinin nüvə silahı imkanları narahatlıq doğurur və ABŞ-ın Pekinin nüvə inkişaf proqramını yavaşlatmaq, dayandırmaq və ya məhv etmək üçün edə biləcəyi heç bir şey yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın baş qərargah rəisi, general Mark Milli deyib.

General eləcə də Çin-Rusiya yaxınlaşmasının da narahatlıq doğurduğunu bildirib:

“İçində olduğumuz strateji durumda ikisinin bir-birinə yaxınlaşdığını görürük. Bunu sözün tam mənasında “əsl ittifaq” adlandırmazdım, amma onların bir-birinə yaxınlaşdığını görürük və bu, narahatlıq yaradır”.

Milli Çinin nüvə potensialının hələ ABŞ-la rəqabət apara biləcək vəziyyətdə olmadığına diqqət çəkib:

“Bununla belə, onların ciddi nüvə qabiliyyəti var və ABŞ-a qədər gələ bilən qitələrarası ballistik raketlərə malikdirlər. Bu, açıq şəkildə narahatedicidir. Beləliklə, hazırda nüvə silahına malik iki böyük dövlətlə üz-üzəyik”.

Baş qərargah rəisi deyib ki, “soyuq müharibə”dən qalma çəkindirmə prinsipləri hələ də qüvvədədir, amma iki nüvə dövləti ilə qarşı-qarşıya gəlmək durumu mürəkkəbləşdirir.

Amerikalı general Çinin nüvə silahı proqramının gələcəyi ilə bağlı vurğulayıb:

“Yəqin ki, yaxın 10-20 ildə Çinin nəzərdə tutduğu nüvə inkişaf proqramını yavaşlatmaq, dayandırmaq, cilovlamaq və ya məhv etmək üçün heç nə edə bilməyəcəyik. Bunu öz planlarına uyğun edəcəklər, düşünürəm ki, bunun baş verməməsi üçün kənardan edə biləcəyimiz təzyiq çox azdır. Bəzi iqtisadi alətlər ola bilər. Kəşfiyyat istiqamətində başqa şeylər ola bilər, amma yəqin ki, planlarını həyata keçirəcəklər. Birləşmiş Ştatlara qlobal rəqib və əsrin ortalarına qədər hərbi cəhətdən üstün olmaq kimi məqsədləri var. Bunu etmək üçün yola çıxıblar, bu, həqiqətən narahatlıq yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər