Aprelin 8-də axşam saatlarında Suriyadan İsrailə doğru 3 raket atılıb. Bunlardan biri İsrail sərhəddini keçərək Qolan Təpələrinin cənubuna düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Raket hücumuna cavab olaraq İsrail ordusunun artilleriyası Suriya ərazisinə zərbələr endirib. Bundan sonra İsrail tərəfi Suriyadan bu ölkəyə doğru 3 raket atıldığını, bunlardan ikisinin sərhədi keçdiyini bildirib. Raketlərdən biri müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bu hücumlara cavab olaraq İsrail Müdafiə Qüvvələri Suriyadakı buraxılış qurğularına pilotsuz təyyarələrlə (PUA) zərbələr endirib. Bundan sonra yenə də İsrail ərazisinə raketlər atılıb.
PUA-ların buraxılış qurğularına endirdiyi bu zərbələrdən sonra İsrail Müdafiə Qüvvələri Suriyadakı əlavə hədəfləri də vurub.
“İsrail Müdafiə Qüvvələrinin qırıcıları Suriyada əlavə hədəflərə, o cümlədən Suriya Silahlı Qüvvələrinin dördüncü diviziyasının hərbi kompleksinə, Suriya Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi radar sistemlərinə və artilleriya postlarına zərbələr endirib”, - məlumatda bildirilir.
Eyni zamanda, açıqlamada qeyd edlir: “İsrail Müdafiə Qüvvələri Suriya dövlətini baş verənlərə görə cavabdeh hesab edir və İsrailin suverenliyini pozmaq cəhdlərinə imkan verməyəcək”.
Öz növbəsində, Suriyanın dövlət xəbər agentliyi SANA İsrailin Qolan Təpələri istiqamətindən cənub bölgəsindəki bəzi nöqtələri hədəfə alaraq bir neçə raket zərbəsi endirdiyini yazıb. Məlumatda qeyd olunur ki, Suriyanın hava hücumundan müdafiə sistemləri İsraildən atılan raketlərin bəzilərini vurub.
Bir neçə gün əvvəl İsrail tez-tez onu hədəfə alan Suriyada İranla əlaqəli hərbi obyektlərə raket zərbələri endirib. Həmin hədəflərin paytaxt Dəməşq yaxınlığındakı Qasiun dağında olduğu bildirilib.
Bundan əvvəl də İsrail Dəməşq və ətrafındakı ərazilərdə yerləşən terror hədəflərinə raket zərbələri endirib. Raketlərdən biri İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun “Qüds” qüvvələrinin qərargahı kimi xidmət edən binaya düşüb.
İran və ona bağlı terrorçu qruplaşmalar son zamanlarda tez-tez Livan və Suriyadan İsrail ərazilərini hədəfə alır. İsrail Müdafiə Nazirliyi baş verənlərə görə Suriyadakı rejimlə yanaşı, İranı ittiham edir.