“Nə qədər qısqanırlar qısqansınlar. Allahın izni ilə 14 may Xalq Alyansı ilə birlikdə və bu kadrlarla qalib gələcəyik. Kamala da əlvida deyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu AK Partiyanın Fatih və Zeytinburnu seçki koordinasiya mərkəzlərini ziyarət zamanı səsləndirib.
Qarşıdan gələn seçkilərə işarət edən Soylu bunları deyib:
“Kılıçdaroğlu prezidentliyə namizəd oldu. Nə olsun ki? Narahat olmayın. Başınız Ayasofyanın minarəsi qədər uca olsun. AK Partiya yaranandan bu yana “olmaz” deyilənlər edildi, “mümkün deyil” deyilənlər reallaşdı".
Süleyman Soylu TGRT telekanalının efirində isə bildirib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək prezident seçkilərində 50%-dən çox səs toplaya bilər.
“Bu gün biz prezident seçkilərində birinci turda qalib gəlirik. Bölgədə 51-51,5% səs alacaq. Bunu çox açıq deyirəm”, - Soylu bildirib.
O qeyd edib ki, seçki kampaniyası davam etdikcə Ərdoğana verilən səslər artacaq və fərq daha da aydınlaşacaq.