10 May 2023 14:47
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya Müharibəsindən sonra iki blok formalaşmışdı, Qərb ölkələri və Türkiyə NATO-da toplandılar, SSRİ və onun təsiri altındakı Şərqi Avropa dövlətləri Varşava Müqaviləsi Təşkilatını yaratdılar. SSRİ-nin dağılmasıyla Varşava Müqaviləsi Təşkilatı da dağıldı və bu qurumun keçmiş üzvlərinin əksəriyyəti NATO-ya üzv qəbul edildi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Təhlildə vurğulanır ki, Rusiya rəsmiləri 1991-2000-ci illərdə NATO-ya ehtiyac olmadığını səsləndirirdilər:

“Kremlin məntiqi sadə idi: SSRİ yoxdursa və “soyuq müharibə” bitibsə, NATO-ya da ehtiyac olmamalıdır. NATO ölkələri fərqli düşünürdülər. Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-2022-ci illərdə Ukraynaya hərbi müdaxilələri NATO-nun davamlılığının vacibliyini bir daha təsdiqlədi. Uzun onilliklər neytral siyasətə üstünlük verən Finlandiya və İsveç belə alyansa üzvlüyə qərar verdi.

Beləliklə, NATO bütün Avropanın tamamında möhkəmlənir, növbəti hədəf Ukraynanın təşkilata üzvlüyünü təmin etməkdir. Bu, çətin olacaq, çünki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Müharibə bitməyənə qədər Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü problematikdir. Ancaq müharibə bitdikdən sonra bu aktuallaşacaq və məsələ müsbət həllini tapacaq.

NATO-nun təhlükəsizlik maraqları Avropanın hüdudlarını aşıb. Suriya və Liviyadakı müharibələr göstərdi ki, NATO ölkələri Avrasiya bölgəsində təhlükəsizlik məsələlərinə də diqqət ayırmaq məcburiyyətindədir. NATO Əfqanıstandakı əməliyyatlara da qatılmışdı”.

Mərkəzin ekspertləri deyirlər ki, NATO-nun fəaliyyət dairəsini genişləndirməsi Rusiya və Çini narahat edir:

“NATO uzaq Yaponiyada ofis açmaq qərarı verib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək, NATO-nun Yaponiyada ofis açmaq niyyətinin və Şərqə doğru irəliləməsinin regionda sabitliyi pozacağını deyib. Onun sözlərinə görə, Asiya geosiyasi döyüşlərə səhnə olmamalıdır.

NATO Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi təhlükəsizlik tərəfdaşları ilə danışıqları asanlaşdırmaq üçün Yaponiyada ilk əlaqə ofisini açmağı planlaşdırıb. Yaponiyada NATO ofisinin açılması Çin və Rusiyanın bölgədə artan hərbi gücüylə əlaqəlidir. Rusiya və Çin həm quruda, həm də okean və dənizlərdə birgə hərbi təlimlərin sayını artırıb. NATO bu fəallığa seyirçi qalmaq istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər