25 May 2023 11:19
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 13-cü prezident kimin olacağını müəyyənləşdirəcək seçkinin ikinci turu üçün gərgin mübarizə davam edir.

Teleqraf.com xəbər verir ki, beynəlxalq media da mayın 28-də seçkiyə gedəcək Türkiyədəki gəlişmələri yaxından izləyir.

İngiltərənin “Middle East Eye” (MEE) saytı ikinci tura az qalmış müxalifət daxilində parçalanmanın böyüdüyünü iddia edir: “Kılıçdaroğlunun qaçqınlarla bağlı siyasətinə qarşı müxalifətdə çatlar yaranıb”.

Saytın məlumatına görə, bir neçə yüksək vəzifəli şəxs müxalifətin qaçqınlara qarşı sərt ritorikasını əsas gətirərək Gələcək Partiyasından (sədri Əhməd Davudoğlu) istefa verib.

ABŞ-ın “Washington Post” qəzeti isə “Türkiyədə seçkilər niyə vacibdir” sualına cavab axtarmağa çalışıb. Nəşr Türkiyənin strateji əhəmiyyətini ön plana çıxarıb.

“Avropa ilə Asiyanı birləşdirən və Qara dənizə çıxışa nəzarət edən Türkiyə strateji mövqedə yerləşir. NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahibdir”, - məqalədə deyilir.

ABŞ-ın “CNN International” telekanalı isə Prezident Rəcəb Tayyib Ərdoğanın ikinci turda qələbə şansının daha yüksək olduğunu bildirib:

“Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra bu, Ərdoğanın son seçkisi ola bilərdi. Əksinə, o, qalib gəlməyə hazırdır”.

İngiltərənin BBC kanalı isə tamaşaçılarının qarşısına “Türkiyə seçkiləri Afrikada niyə yaxından izlənilir?” adlı materialla çıxıb:

“Türkiyənin Afrikadakı nüfuzu son 20 ildə çox artıb və bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda kim qalib gəlsə, bundan sonra münasibətləri hara aparacağını düşünməli olacaq”.

Ukraynanın “Kiyev Post” isə yazır ki Türkiyə hazırkı Prezident Ərdoğanın aşkar favorit olduğu tarixi ikinci tur prezident seçkisinə hazırlaşır.

İngilis “The Guardian” qəzeti “ultra-millətçilərin lideri” kimi təqdim etdiyi Zəfər Partiyasının sədri Ümit Özdağın ikinci tura az qalmış Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunu dəstəklədiyini bildirib:

“Zəfər Partiyasının lideri bildirib ki, Kılıçdaroğlu ilə qaçqınların çıxarılması və kürd bələdiyyə sədrlərinin bərpa olunmaması ilə bağlı anlaşma imzalayıb”.

Almaniyanın ZDF kanalı da “anti-qaçqın partiyası” adlandırdığı Zəfərin Kılıçdaroğlunu dəstəklədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər