31 May 2023 12:52
10 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vitse-prezidenti vəzifəsini tuta bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 3-də keçiriləcək andiçmə mərasimindən sonra Türkiyənin yenidən seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibini açıqlayacaq.

Məlumatda deyilir ki, Nazirlər Kabineti tamamilə yenilənəcək, amma xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər. Türkiyə kəşfiyyatının rəhbəri Fidanın isə həm nazir, həm də təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifələrini tuta biləcəyi iddialar arasındadır.

“Hürriyət” yazır ki, bu məsələ Ankarada uzun müddətdir müzakirə olunur.

Qəzetin iddiasına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalına yeni hökumətdə yüksək vəzifə verilə bilər, amma onun mümkün mövqeyi qeyd edilmir. Bundan əvvəl yerli mətbuat onun XİN-ə rəhbərlik edə biləcəyini yazmışdı.

“Hürriyət” həmçinin keçmiş baş nazirin müavini və maliyyə naziri Məhmət Şimşəkin yeni kabinetə təyinatı ilə bağlı məlumat verib. Prezident Ərdoğan dünən onunla görüşüb, amma təmasdan sonra heç bir açıqlama verilməyib.

Bu gün Ərdoğanın rəhbərliyi ilə son iclasını keçirəcək Türkiyənin hazırkı hökumətinin demək olar ki, bütün nazirləri mayın 14-də keçirilən seçkilərdə parlamentə deputat seçiliblər.


Müəllif: Mənsur Rəğbətoğlu