Rusiya xüsusi təyinatlıları Belqorod vilayətinə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi bildirib.
Məlumata görə, artıq Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin 322-ci “Senej” dəstəsi vilayətdədir. Xüsusi təyinatlılara partizanlarla mübarizə əmri verilib.
“Ruslar partizanlardan o qədər qorxurlar ki, təcili olaraq bu elit bölmənin bütün əməliyyatlarını dayandıraraq, onu Belqorod vilayətinin sərhəd yaşayış məntəqələrində yerləşdirdilər. Bölmənin missiyası Rusiya sərhədində təxribatın qarşısını almaqdır”, - məlumatda deyilir.
Son günlər “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionunun döyüşçüləri Rusiya ərazisində döyüşlərə başlayıblar. Könüllülər iyunun 1-də əməliyyatların ikinci mərhələsinin başladığını elan edərək, mülki insanları evdə qalmağa və ya sığınacaqlara getməyə çağırıblar.
Dünən üzərində “Azad Rusiya” bayrağı olan tank Şebekino şəhəri yaxınlığındakı Nova Tavolyanka kəndində görünüb. Məlumata görə, bölgədə hərbi vəziyyətin gərginləşməsindən sonra mülki insanların təxliyəsinə başlanılıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, oxşar hadisələr Rusiyanın digər yaşayış məntəqələrində də baş verəcək.