Ankaranın Almadağ rayonunda yerləşən Raket və Partlayıcı Maddələr Fabrikində baş verən partlayışla bağlı Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, açıqlamada deyilir: “Partlayışda şəhid olan işçilərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Hadisəyə aydınlıq gətirmək üçün lazım olan məhkəmə və inzibati araşdırmalara başlanılıb”.
Ankara valisi Vasif Şahinin müvafiq bəyanatında deyilir: “İlk qiymətləndirməyə görə, səhər saat 8.45 radələrində Almadağdakı fabrikimizdə kimyəvi reaksiya nəticəsində partlayış baş verib. Orada çalışan 5 işçimiz dünyasını dəyişib. Daha dəqiq məlumat gələndən sonra daha geniş və təfərrüatlı izahat paylaşacağıq.
Partlayışa səbəb kimyəvi reaksiyanın olduğuna dair fikirlər var, amma prokurorlarımız araşdıracaq”.
Ankara Baş Prokurorluğu da partlayışla bağlı açıqlama yayıb: “10 iyun 2023-cü il tarixində saat 08:50 radələrində Almadağ rayonunda fəaliyyət göstərən MKE fabrikində baş vermiş partlayış və 5 işçinin ölümü ilə bağlı Almadağ Baş Prokurorluğu tərəfindən dərhal iki dövlət ittihamçısı təyin edilib.
Dövlət ittihamçıları cinayət yerində araşdırmalara və təsbitlərə başlayıblar.
Hadisənin kriminalistikası bütün aspektləri ilə araşdırılır və istintaq çox ciddi şəkildə aparılır”.
***
11:47
Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı maddələr fabrikində partlayış olub.
Teleqraf.com bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
İlkin məlumata görə 5 nəfər ölüb, yaralananlar var.
Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadası cəlb edilib.
Qeyd edilib ki, partlayış səhər saatlarında fabrikdəki yanğından sonra baş verib.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.