4 Avqust 2023 13:10
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin parlamentinin xarici əlaqələr barədə qəbul etdiyi yeni qanun yerli və xarici ekspertlərin diqqət mərkəzindədir. Çünki Çində keçmiş illərdə oxşar qanun qəbul edilməyib. Yeni qanuna görə, Qərbin müxtəlif sanksiyaları ilə üzləşən yerli şirkətlərin maraqları həm ölkə daxilində, həm də xaricində qorunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlərinə görə, yeni qanun Pekinin ölkənin suverenliyinə və təhlükəsizliyinə artan diqqətindən xəbər verir:

“Yeni qanuna görə, Qərb ölkələrinin müxtəlif sanksiyaları ilə üzləşən Çin şirkətlərinə maliyyə və hüquqi dəstək veriləcək. Məsələn, ABŞ Rusiyaya strateji məhsullar satan Çin şirkətlərinə müxtəlif sanksiyalar tətbiq edib. Pekin yeni qanun əsasında həmin şirkətləri həm təzyiqdən qorumağa çalışacaq, həm də maliyyə dəstəyi verəcək. Pekin bu şirkətlərin Qərb ölkələrində üzləşə biləcəyi hüquqi problemlərin həlli ilə də məşğul olacaq.

Yeni qanun Çində fəaliyyət göstərən xarici şirkətlərə müəyyən çətinliklər yaradacaq. Həmin şirkətlər vaxtilə Asiya bazarında yer tutmaq və ucuz işçi qüvvəsindən istifadə etmək üçün Çində müəssisələr açmışdılar. Yeni qanunla Pekin Çində fəaliyyət göstərən xarici şirkətlər və satdıqları məhsullar üzərində nəzarəti gücləndirəcək. Bu, Pekinlə xarici şirkətlər arasında gərginlik yaradacaq.

Xarici şirkətlər Çin Kommunist Partiyasının direktivləri əsasında fəaliyyət göstərmək istəmirlər. Onlar yeni qanuna tabe olsalar, öz ölkələrində problemlərlə üzləşəcəklər. Oksford Universitetinin professoru Corc Maqnasın fikrincə, Qərb ölkələri Çin parlamentinin yeni qanununu Pekinin aqressiv diplomatiyasının tərkib hissəsi kimi qiymətləndiriblər”.

Pekin yeni qanuna ona görə ehtiyac duyub ki, ABŞ-ın sanksiyaları ilə üzləşən Çin şirkətləri dövlətin hüquqi dəstək mexanizmlərinə malik deyil. Yeni qanunla durum dəyişməlidir. Honq Konqda nəşr olunan “South China Morning Post” qəzeti Pekinin Vaşinqtonun siyasətinə bənzər siyasətə üstünlük verdiyini yazıb. Vaşinton da Amerika şirkətlərini həm ölkə daxilində, həm də xaricində təzyiqlərdən qoruyur. Pekin də yeni qanunla şirkətlərini yalnız Çində deyil, fəaliyyət göstərdiyi xarici ölkələrdə də dəstəkləyəcək”.

Təhlildə vurğulanır ki, Çin lideri Si Cinpin yeni qanunla ölkənin təhlükəsizliyini gücləndirməyə çalışır:

“Bu qanun Cinpinin həyata keçirdiyi təhlükəsizlik siyasətinin tərkib hissəsidir.

Beləliklə, Pekin Qərblə mübarizənin yeni mərhələsinə daxil olub. Pekin keçmiş illərdə özünə aid olmayan qlobal problemlərə və dünya iqtisadiyyatına bağlı proseslərə qarışmırdı. Hazırda Pekin ona aid olan və olmayan bütün qlobal proseslərdə fəal iştirak edir, mövqeyini bildirir. Pekin bu səbəbdən Vaşinqton kimi başqa ölkələrin ərazisindən də istifadə edəcək. Pekin bu fəaliyyətə böyük maliyyə ayırmağı planlaşdırıb. Bu fəaliyyət Pekin-Vaşinqton qarşıdurmasını daha da alovlandıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər