Rusiya Prezidenti Vladimir Putin qiyam zamanı (iyunda) Rostovda “vaqnerçilər” tərəfindən ələ keçirilən hərbi qərargaha baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Məlumatda bildirilir ki, Rusiya lideri “Vaqner” lideri Yevgeni Priqojinin ölümündən az əvvəl – avqustun 19-da öz gücünü göstərmək üçün qiyamın başladığı bölgəyə gəlib.
Cənub Hərbi Dairəsinin Rostov-na-Dondakı qərargahı cəbhə xəttindən 160 kilometr aralıda yerləşir. Qərargahda Ukraynaya qarşı döyüşən hərbçilər yerləşdirilib.
Kəşfiyyat məlumatına görə, Rusiya prezidenti orada yüksək rütbəli zabitlərlə, xüsusən də Ukraynada əməliyyatlara komandanlıq edən Baş Qərargah rəisi general Valeri Gerasimovla görüş keçirib.
“Vaqner” qrupu iyunda qərargahı qısa müddətə ələ keçirmişdi. Çox güman ki, Putin öz gücünü nümayiş etdirmək və ali hərbi komandanlığın həmişəki kimi fəaliyyət göstərdiyini nümayiş etdirmək istəyib”, - Britaniya Müdafiə Nazirliyi vurğulayır.