“Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojin və komandiri Dmitri Utkinin ölümündən sonra yeni rəhbərin kim olacağı müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, bu olaydan sonra “Vaqner”in Peterburqdakı ofisinin rəhbər heyətində yer alan 61 yaşlı Andrey Troşev bu baxımdan ən şanslı namizəd sayılır.
Utkin və Priqojinin ölümündən sonra qruplaşmanın idarə heyətində qalan yeganə rəhbər şəxs də odur. Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Troşev Rusiyanın təhlükəsizlik orqanlarında da çalışıb.
Əfqanıstan və Çeçenistan müharibələrində xidmət etmiş Troşev “Vaqner”in Suriyaya önünü açan şəxs kimi tanınır.
Andrey Troşev Rusiyada Qərb ölkələrinin ən çox sanksiya tətbiq etdiyi isimlərdən biridir. Polkovnik döyüşdüyü bütün cəbhələrdə qorxunc obraz kimi xatırlanır.
Donetsk separatçılarının “keçmiş müdafiə naziri” İqor Girkin (Strelkov) ötən ay Priqojin vasitəsilə Troşevlə cəbhədə görüşdüklərini açıqlamışdı. Girkin Troşevin xarakteri və metodları onu qorxutduğu üçün bir daha görüşmədiklərini də demişdi.
Xarici media Troşevin “Vaqner” arasında uzunmüddətli hərbi karyerasına və idarə heyətindəki nüfuzuna görə həm Kreml, həm də Rusiya Baş Qərargahı tərəfindən dəstəklənən yeganə isim olduğunu yazır.