“Gürcüstanla diplomatik əlaqələri kəsən biz deyilik, ABŞ-ın təşviqi ilə öz vətəndaşlarına, vətəndaşı hesab etdiyi osetinlərə və sülhməramlılara əl qaldıran Saakaşvili rejiminin təşəbbüsü olub. Layiqli cavab aldıqdan sonra tam siyasi-hərbi uğursuzluğunu anti-Rusiya hərəkətləri ilə kompensasiya etməyə başladı”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya heç vaxt gürcü xalqına mənfi münasibət bəsləməyib:
“Bütün Cənubi Qafqaz xalqları kimi, gürcü xalqını da sevirik. Rusiya tarixində də, Sovet İttifaqı tarixində də, incəsənətimiz, mədəniyyətimiz və elmimiz tarixində gürcülər xüsusi yer tuturlar”.
Lavrov Gürcüstanın indiki hakimiyyətinin Moskva ilə münasibətlərin normallaşmasında maraqlı olduğunu bildirib. Nazir qeyd edib ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə uçuşların bərpası və viza rejimini ləğv etmək barədə razılığa gəliblər.
“Rusiya vətəndaşları üçün vizasız rejim uzun müddətdir mövcud idi və bir çox vətəndaşımız bundan istifadə edirdi. Amma indi qarşılıqlılıq əsasında Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi və hava əlaqəsinin yaradılması, əlbəttə, əlaqələrimizi daha rahatlaşdırır. Uçuşların sayı artır, birbaşa uçuşların coğrafiyası da genişlənir, ticarət dövriyyəsi artır. Gürcüstanın bir çox ənənəvi ixrac məhsulları burada çox məşhurdur: şərab, “Borjomi” və sair”, - Lavrov əlavə edib.